Demokratiya və söz azadlığının beşiyi sayılan Amerikada(ABŞ) cəmiyyətin formalaşmasında böyük rolu olan orta təhsildən danışacam.  Necə olur ki Amerikada sosial təminatlı həyat, daha loyal toplum və yuksək səviyyəli elm inkşaf edir.Hər şey çox bəsitmiş.

       Əvvəlcə ümumi sistem barədə deyim. Amerikada orta təhsil üç əsas hissəyə bölünür. Elemantary school(ibtidai), middle school(orta) və high school(yuxarı sinif). Bu başdan deyim ki, məktəblər bir birlərindən ayrı və müstəqil binalarda fəaliyyət göstərirlər. Statusundan asılı olmayaraq vətəndaşlar və qeyri vətəndaşlar amerika məktəblərində pulsuz təhsil ala bilərlər. Bunun üçün sadəcə doğum sənədi, həkimdən arayış və yaşayış yerini təsdiq edə biləcək istənilən sənəd lazım olur.  Yaşayış yerini təsdiq etmək üçün komunal xidmət çeki, üzərindədə ünvan qeyd edilmiş bank cıxarışını və hətta möhürlü poçt zərfini belə təqdim etmək mümkündür. Valideynləri incitmək və süründürmək kimi məqsəd olmadığı halda bütün kompramislərə gedilir.

       Əsas təcrübəm və ilk rastlaşmalı olduğum ibtidai təhsil olduğuna görə fikirlərimi bu istiqamətdə cəmləyəcəm. Amma ilk öncə yuxarıdan aşağı başlayım. High school dediyimiz yuxarı siniflər üçün nəzərdə tutulmuş tədris məktəbidir. Amerikada 12 illik təhsil ili var ki, ən sonuncusu 9-12 siniflərdir.  Yuxarı siniflərdə oxuyan tələbələr artıq seçdikləri peşə üzrə təhsillərini artırırlar. Əlavə fənlərə enerji və vaxt sərf etmirlər. Yəni gələcək peşələri üçün yararlı ola biləcək fənlərlə çalışırlar ki, bu da yalnız seçdikləri sahə üzrə  formalaşmağa gətirib çıxardır.

 Middle school dediyimiz əsasən ümumi təhsil metodudur. Burada orta məktəb üçün qəbul olana biləcək bütün elmlər tədris olunur. 5-8-ci sinifləri əhatə edən bu dövr məlumatlandırmaq xarakteri daşıyır. Tələbələr artıq orta təhsil zamanı özlərinin gələcək peşələrini və maraq dairələrinə aid olan sahələri seçmək üçün hazırlaşırlar. 

         Və nəhayət ibtidai təhsil. İbtidai təhsil özü özlüyündə 2 hissəyə bölünür.  Məktəbəqədərki dövr və məktəb dövrü. Amerikada təhsil dövrünə 4 yaşından start verilir. 2 ili məktəbəqədərki dövr və 6 yaşından başlayaraq məktəb dövrü başlayır.  Məktəbə qədərki dövr Pre-K adlanır ki, burada uşaqlara əsasən əlifba öyrədilir. 4-6 yaş arası olan pre-k(prikey) dövrü məktəblərdə və ya bağçalarda keçirilir. Bu seçim valideynlərin istəyindən asılı olaraq qərarlaşır və məcburi xarakter daşımır. Yeri gəlmişkən qeyd edim ki, amerikada orta təhsil icbaridir və ödənişsizdir. Bağçalar isə dövlət balansında olmadıqlarına görə pullu xidmət sahəsinə aiddir. Lakin əgər valideyn uşağına bağcada Pre-k oxutmaq istərsə o halda 4-6 yaş arasında uşaqlara görə ödəniş etməyə bilər. 

Beləliklə K1-5adlanan ibtidai siniflər üçün nəzərdə tutulan tədris proqramı əsasən nədən ibarət olur ona baxaq. Hər bir məktəbin öz tədris proqramını özü təyin etmə kimi hüququ vardır. Federal hökümət tərəfindən qəbul edilmiş yeganə tədris planı yoxdur.

      Beləliklə dərslər saat 8-dən 3-dək davam edir. Əslində ilk baxışdan uşaq üçün çox görünsədə bu zamanın böyük bir hissəsi qəlyanaltı, nahar və əyləncələrə sərf olunur.  Amerikada ibtidai siniflər gündə 2 dəfə yeməklə təmin olunurlar.  Səhər və günorta. Məktəblərin girişində polis nəfəri keşik çəkir. Uşaqların məktəblərə gəlişi ve gedişi bir qayda olaraq valideyn və müəllimələrin nəzarəti altında baş verir. Yəni ki, əlbə-əl. Təhvil verdi-Təhvil aldı. Heç bir halda şagird məktəbdən tək buraxılmır və ya bir başqasına verilmir.
     
Dediyim kimi. Hər məktəbin öz tədris metodu var və hətta hər müəllimənin özünün azad müstəqil proqramı olur.  Azadlıq demişkən azad söz, azad fikir, sərbəst hərəkət amerika məktəblərində prioritetdir. Dərs zamanı şagirdlər üçün mütləq oturuş, mütləq davranış və çərçivələr yoxdur. Uşaq dərsin gedişi zamanı gəzə bilər, otura bilər və s. Düzü hələlik bunu ibtidai siniflərdə müşahidə etmişəm.
 
     Məktəblərdə tədris olunan dərslər və fənlər də özü özlüyündə maraqlı və əyləncəlidir. Adi fənlər olan oxu, riyaziyyat, musiqi ilə yanaşı incəsənət, rəqs, astranomiya, ag-ev tarixi, enerji və ətraf mühit kimi maraqli fənlər tədris olunur. Əlbəttə bütün bunlar uşaqların qavraya biləcəyi səviyyədə oyun və əyləncə formasında baş verir. İbtidai siniflərə ag ev və prezident administrasiyası haqqında da dərs keçirlər. Lakin bu dərslərin məqsədi ölkə prezidentini ideallaşdıraraq dünyanı xilas edəbiləcək ümummilli lider kimi təqdim etmək deyil. Sadəcə ölkə atributlarından biri kimi uşaqlara tanıdılır. Ətraf mühit dərsləri dünyadakı eko sistem, enerji ehtiyatları, qlobal iqlim dəyişiklikləri, enerji ehtiyatlarının qorunması müvzusunda animasiya və kart oyunları vasitəsi ilə öyrədilir. Təbiətin və onun qorumasının necə vacib olduğunu amerika şagirdləri elə ilk sinifdən bilirlər.

     Fənlərlə yanaşı məktəblərin çoxşaxəli klub və dərnəkləri olur. Rəqs qurupu, dəstək qurupu, fotoqraflar, kompyuter, incəsənət -ədəbiyyat  dərnəkləri və əlbəttə ki, müxtəlif idman klubları buna misaldır.

       Həvəsləndirmə metodu kimi, hər bir sinif, klub, dərnəklər üzrə ayın ən yaxşı şagirdi seçilir. Bütün bunların gedişatı zamanı valideynlər də unudulmur. Valideyn-müəllim asosasiyaları olur ki, şagirdin təhsilinə nəzarət komanda şəklində həyata keçirilir. İnglis dili bilməyən imiqrant uşaqların valideynləri üçün belə dil kursları təşkil edilir ki, valideynlə müəllimlər arasında ortaq tərbiyə üçün anlaşılan ünsiyyət vasitəsi olsun. Valideynin imkanı olur ki, uşağı məktəbə gətirdikdən sonra elə məktəbdəcə fitneslə məşgul olsun. Müəyyən həftəsonları valideynlərin iştirakı ilə müxtəlif tədbirlər, proqramlar və xeyriyyə yarmarkaları keçirilir. Ümumiyyətlə xeyriyyəçilik uşaqlara erkən vaxtlardan güclü təbliğ edilir. Bir birinə yardım şərtdir. Amerikada kiməsə yardım, birinin asqırdıqda digərinin ona sağlam ol deməsi kimi bir şeydir. Yəni bir mədəniyyətdir.

     Yazdıqlarım yazmaq istədiklərimin bəlkə də on faizidi, amma düşünürəm ki, Amerikada gördüyümüz mədəniyyətin hardan gəldiyini sizə çatdıra bildim. Sonda  onu deyim ki, Amerika məktəbləri tələbələrinə elm vı savadla yanaşı ətraf mühiti təmiz saxlamağı, bir birlərinə hörməti, dürüst olmağı, yardım etməyi, səbri, nəzakəti, azadlıq və sərbəstliyi, həqiqi patriotluğu, vətənini və bayrağını sevməyi, vətəndaş olmağı öyrədir.

       ** bilirsiz Amerikada orta məktəblər hardan maliyələşir? qəribə də olsa Amerikada keçirilən gündəlik və həftəlik uduşlu lotoreyalardan gələn gəlirlərdən və uduşlara tədbiq olunan vergilərdən. Bu cür lotoreyalardaki uduşlar isə bəzən 500-600 milyon dollara çatır ki, bunun da tən yarısı vergi formasında tutulur.
 
Namig Agayev
28.05.2014
| Copyright © 2013 Blogs Namig Aghayev