Çimərlik mövsümünün başlanması  məni bu mövzuya toxunmağa sövq etdi.

Hər şeyin bir qaydası olduğu kimi çimərlik də bir qayda olaraq mədəniyyətdir. Başqa ölkələri gəzərkən, səfərlər edərkən, bu qaydaların bizimkilərdən nə qədər fərqləndiyini görür və müqayisələrimizi edirik.
 

Ümumiyyətlə mən daha çox siyasi bloqer olduğuma görə hərşeyi siyasiləşdirirəm. Əslində düz də edirəm, bilərək ki, ölkədə baş verən bütün qanuna uyğunsuzluqlar siyasətin düzgün yürüdülməməsindən irəli gəlir.


Bakı həm də çimərlik şəhəridir. Hər il yay mövsümü gəldikdə bu mövzu aktuallaşır. Çimərliklərin hasarlanması, bahalı və keyfiyyətsiz pullu xidmətlər, mövsüm ərzində 40-50 nəfərin dənizdə boğulması və digər problemlər müzakirə predmentinə çevrilir.
 
Bu dəfə qərara gəldim ki, Amerikanın (ABŞ) New York şəhərinin çimərliklərini Bakı çimərliklərindən fərqini göstərim.  Bəlkə düşünürsüz ki, New York ilə Bakını müqaisə etmək düz olmazdı. Amma niyə ki., əgər deyiriksə Bakı ildən ilə çiçəklənir və meqapolisə çevrilir onda niyə də dünyanın müxtəlif ölkələrindən gələn immiqrantların çoxluq təşkil etdiyi NY şəhəri ilə müqayisə etməyək.
 
Əslində NY çimərlikləri Abşeron çimərliklərinə baxanda daha “kasıb” təəssürat bağışlayır. Burada Bakıdakı kimi dənizkənarı sahillər kimlərsə tərəfindən 4-5 metr hündürlükdə hasarlanmayıb, sahil kənarında dəbdəbəli restoran tikilmir, insanlara pulnan oturacaqlar satılmır deyə məcbur olub yerdə otururlar və yaxud heç cibləri soyan bahalı akvapark da yoxdur.  Bəlkə burada bunu etməyə imkanı çatan varlı iş adamları yoxdur və ya buranın məmurları bakının məmurları qədər “ağıllı” deyillər ?! Əlbəttə NY-da ağıllı və varlı insanlar çoxdu. Amma bununla yanaşı işləyən qanunlar da var.
 
Mən bilmirəm NY-da qanuna görə sahildən neçə metr kənarda bina, anbar, restoran və s. əyləncə  iaşə obyektləri tikməyə icazə verilir. Bunu bilməyimə ehtitac da yoxdu. Çünki hər şey göz qabağındadı. Adi müşahidə ilə anlamaq olur ki, rəsmi çimərlik zolağından 150-200 metr məsafədə tikili ola bilməz.
 
 New York çimərliklərində adətən 100-150 metr qumsal ərazidən sonra insanların dincəlməsi, gəzməsi, velosiped sürməsi üçün taxtalarla döşədilmiş 30-40 metr enində bulvar zolagı uzanır. Və yalnız bu zolaqdan sonra hər hansı bir obyekt görmək olur.
 
Qumsal və bulvar ərazisində kommersiya fəaliyyəti yolverilməzdir. Eyni zamanda bu ərazidə pik-nik qurub yeyib içmə məclisi də yasaqdır. Siqaret çəkmək və alkaqol qəbul etməyə icazə verilmir. Sınaraq qumun arasında kiməsə xələl yetirmə ehtimalı büyük olduğuna görə əraziyə şüşə qabın gətirilməsi belə qadağandır.
 



Çimərlikdə məişət tullantıları üçün xüsusi qablar quraşdırılıb. Hər kəs təmizliyə riayət etməyə borcludur. Kimsə yerdə zibil və ya polietilen qab, salafan görərsə böyük ehtimalla onu götürüb zibil qutusuna atacaqdır. Hər səhər xüsusi qreyderlər çimərlik qumunu xırda tullantılardan təmizləyir.
 

Burada dünyanın müxtəlif mədəniyyətlərindən və  dinlərindən olan insanların yaşadığına görə çimərlik geyimləri də müxtəlif olur.  Paltarla çimənlər də görə bilərsiz və açıq çimərlik geyimlərində olanlar da. Və ya toples də qadağan edilmir. Amma heçkim heçkimi buna görə qınamır və buna ümumiyyətlə fikir verən də yoxdu.  Hətta paltarla çimənləri “bozbaş” və ya “çuşka” kimi xüsusi adlarla da çagırmırlar. Hərkəsin seçiminə hörmətlə yanaşılır.
 

Hər 50 metrdən bir məsafədə sahildə xilasetmə xidmətinin “vışka”ları olur. Peşəkar üzgüçü olan qız və oğlan xilasedicilər eyni zamanda sahil boyunca gəzərək  müşahidə aparırlar. Əgər kimsə boğularsa onu xüsusi texnika vasitəsi ilə deyil, öz əlləri ilə xilas edirlər. Axşam vaxtlarında diz səviyəsindən dərin məsafədə dənizə girməyə icazə verilmir. Bu, saat 6-dan sonra xilasedicilərin iş vaxtının bitməsi ilə əlaqələndirilir.
 
Motorlu qayıqlar və skuterlər sahilə 150 metr yaxın məsafədən üzə bilməzlər.  Hətta xilasedicilərin belə motorlu qayıqları olmur.

Çimərliklərdə ilkin tibbi yardım üçün xüsusi lazaretlər, mobil tibb məntəqələri fəaliyyət göstərir.  Ərazidə daima polis patrul xidməti növbə çəkir. Bütün bunlar fövqaladə hal baş verdikdə operativ reaksiya vermək üçündür. Onu da qeyd edim ki, dənizdə baş verən bədbəxt hadisələrə görə şəhər administrasiyası və parklar idarəsi cavabdehdir və əgər məsələ məhkəmə işinə qədər qalxarsa şəhər büdcəsinə milyonlarla dollar zərər dəyə bilər. 


Bir haşiyə: əgər NY kücələrində piyada gəzərkən belə ayağın bardyora ilişib yixilirsansa buna da şəhər administrasiyası cavabdehdi və zərərcəkmişə kompensasiya belə ödəmə öhdəliyi yarana bilər. Bu barədə növbəti yazıların birində.
Yeri gəlmişkən çimərliklər, bulvarlar və ümumiyyətlə şəhərdəki bütün parklara nəzarəti  NY parklar idarəsi həyata keçirir. Parklar idarəsi bu məkanlara nəzarətlə yanaşı həm də müxtəlif xeyriyyə, marifləndirici, mədəni və əyləncəli tədbirlər təşkil edir.  Daha çox uşaqlar və ahıllar üçün nəzərdə tutulan bu proqramların əksəriyyəti  pulsuz olur. Məsələn parklarda uşaqlar üçün ödənişsiz idman məşğələləri,  çimərlik və hovuzlarda pulsuz üzgüçülük təlimləri, konsertlər və s tədbirlər. Özüdə hansısa bayramdam bayrama, seçkidən seçkiyə deyil , hər gün şəhərin müxtəlif yerlərində sosial əhəmiyyətli tədbirlər baş verir.
Qayıdiram bu mövzunu siyasiləşdirməyimin səbəbinə.  Amerikada belədi ki, yuxarıda sadaladığım qadağalara heç də hamı tərəfindən mütləq riayət edilmir.  cüzi pozuntular olur.  Kimsə bəzən çimərlikdə siqaret çəkir, kimisi itini çimərliyə gətirir və yaxud kimsə ola bilsin saat 6-dan sonra dənizə girir. Buna görə heçkim ciddi cəzalanmır və ya cərimələnmir. Amma böyük əksəriyyət qoyulmuş qaydalara hörmətlə yanaşır və ona əməl edir. Çünki bilir ki, şəhər administrasiyası nə edirsə insanların rifahı, təhlükəsizliyi  və rahatçılığı üçün edir. Yoxsa Bakı şəhər meriyası kimi birinci məqsədi ilk fürsətdə insanları soymaq və öz şəxsi mənafelərini güdmək üçün deyil.

P.S. NY ştatında 1300 dən çox irili xırdalı çimərliklər var. Statistikaya görə 2010-cu ildən bu yana cimərlik sularında il ərzində boğulanların sayı 4 nəfəri keçmir.  
 

   Namig Aghayev
    New York
               22.06.2014

 
| Copyright © 2013 Blogs Namig Aghayev