Kitabxanada oturub kitab oxuyurdum.  12-13 yaşlarında 2 nəfər qız yaxınlaşıb övladımın olub olmadığını soruşdu. Var dedim. Yay tətili oxu proqramında iştirak etməsini istərdinizmi ?

Özlərinin də məktəbli olduğu görünən bu gənc qızlar yay tətilini kitabxanada volantyorluq edərək keçirirməklə kitabxanaya gələnləri müxtəlif proqramlarla tanış edirlər. Təklif olunan  proqramın yeddi yaşlı oğluma əyləncəli ola biləcəyini düşünüb qeydiyyat elətdirdim və lazımı buklet və materialları götürdüm. Sözüm bunda deyil.

Ümumiyyətlə Amerika(Birləşmiş Ştatlar) kitabxanaları haqqında yazmaq çoxdan fikirimdən keçsədə heç cürə başlamağa qərar verə bilmirdim. Amma bu könüllü qızlar yazıya dərhal başlamağıma rəvac verdi.

Şübhəsiz bilirik ki, kitabxanalar cəmiyyətin mədəniyyətində vacib rol oynayır. Amerikada kitabxanalar təkcə kitab oxumaq yeri sayılmır bura həm də istirahət guşəsidir. İnsanlar burada boş vaxtlarını keçirir, sosial programlarla tanış olur, hüquqi yardımlar alır, oyun oynayır, film seyr edir, müxtəlif birliklərin və cəmiyyətlərin üzvü olur, xarici dillərə yiyələnir və onlarla digər müxtəlif şeylərlərdən tam pulsuz yararlana bilirlər.

Bu ölkədə fəaliyyət göstərən ictimai kitabxanaların sayı məktəblərin sayından geri qalmır. Yəni hər dairənin öz məktəbi olduğu kimi kitabxanası da var. Amma hansı dairədə yaşamağından asılı olmayaraq hər kəsin bu kitabxanaların bütün xidmətlərindən pulsuz istifadə etmə hüququ var. Kitabxanalar kommersiya strukturu olmadığına görə burada ödənişli xidmətdən söhbət gedə bilməz. Kənarda 1 saatına görə 30-40$ tələb edilən kurslar və dərnəklər kitabxanalarda pulsuz tədris olunur. Buna misal müxtəlif xarici dil kursları, musiqi dərsləri(gitara, piano, skripka və s), rəqs dərsləri, dərzilik, fotoqraflıq dərnəkləri, professional komputer kursları və deməyi unutduğum daha çox şey.

Onu da deyim ki, təlimçilər kitabxanalarda keçirilən kurs və seminarları təmənnasız edirlər. Əsasən könüllülərdən ibarət olan müəllimlər bu işi görməkdə təcrubələrini artırmaqla yanaşı cəmiyyətə yararlı ola biləcəklərini düşünürlər.

Kitabxanalardan cəmiyyətin bütün təbəqələri istifadə edir. Kimisi bura yayda sərinləmək üçün gəlir, kimisi pulsuz internetdən yararlanmaq üçün.Kimisi isə nəyinsə kserosurətini çıxarır. Hətta buraya gəlib başını stola qoyub yatanlar da olur və bunu heçkim qadağan etmir.

Sadəcə CV doldurmaq istiyirsənsə, buyur gəl kitabxanaya. Hansısa qanundan çıxarış lazımdı - o da problem deyil. Kitabxanaya istənilən sualla müraciət etmək olar. Gülərüzlü(süni olsa belə) və həmişə köməyə hazır olan kitabxana işçiləri sualınıza cavab tapmayana qədər getməyinizə imkan verməyəcəkdir. Uşaqla uşaq kimi böyüklə böyük kimi davrana bu işçilər elə bir doğma mühit yaradırlar ki, kitabxanadan çıxmaq istəmirsən.

Kitabxana dediyimizdə yeganə ağılımıza gələn bayırdan əzəmətli görünüşlü lakin icəridən sovet qoxusu gələn Axundov adına kitabxanası Amerikanın kitabxanalarının heçbiri ilə müqaisə edilməz dərəcədə fərqlidir. Kitabxanaların daxili proyekti elə qurulub ki, ilk dəfə gələn belə nəyin harda yerləşdiyini. Harda başlayıb harda qutaracağını asanlıqla anlaya bilər.

Kitabxananın divarlarını prezidentlərin lazımsız şəkilləri və ya onların mənasız “aforizmləri” əvəzinə insanların işinə yarıya biləcək bolluca informasiya tabloları tutur.

Həç bir kitabxananı uşaqlar üçün ayrıca güşəsiz təsəvvür etmək olmaz. Kitabdan xoşlanmaya biləcək ən tənbəl uşaq belə bu guşədə özünü “elm adamı” kimi büruzə verə bilər. Müxtəliflik, rəngarənglik heçbir uşağı bu güşədə biganə qoya bilməz.

İnanmayacaqsınız bəlkədə, amma mənim azyaşlı uşaqlarım məndən hərdəfə onları yelləncəyə və yaxud digər yerlərə aparmağı deyil məhs kitabxanaya aparmağımı xahiş edirlər. Əminəm ki, Amerikada əksər uşaqlar öz valideynlərindən eyni şeyi xahiş edirlər. Çünki bu cəmiyyətin kitaba olan həvəsini gördükcə bir daha əmin olursan ki, bu marağın təməli elə bu kitabxanalardakı uşaq guşələridir.

Biz, Azərbaycan cəmiyyəti olaraq bugün kitablara böyük əhəmiyət vermirik. Düşünürük ki, kitabxanadan alacağımız informasiyanı internetdən, televiziyadan ala bilərik. Əlbəttə kitabxanasız da informasiyali və savadlı olmaq olar. Amma kitabxanasız cəmiyyətin mədəni, sivil, tolerant, anlayışlı, yardımsevər və ən əsası da cəmiyyətə yararlı ola biləcək toplum olması müşkül məsələdir.

Sonda qayıdıram mənə yay proqramı təklif edən qızlara. Bu uşaqlar volantyorluq etməklə artıq gənc yaşlarından cəmiyyətə fayda vermiş olurlar. Onlar öz asudə vaxtlarını parklara, çimərliklərə, kafelərə deyil məhs sosial əhəmiyyətli işlərə sərf etməklə güclü sosial mexanizmi olan Amerika cəmiyyətinin qorunub saxlnmasında iştirak edirlər. Onların valideynləri də belə olub və onların uşaqları da bucür olacaqlar. Elə buna görədə, Amerika Amerika olaraq qalacaq.

| Copyright © 2013 Blogs Namig Aghayev